🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 07:29   •   🌡️ Bakı

Azərbaycan radiosunun 100, televiziyasının 70 illiyi qeyd olunacaq – AzTV-də xüsusi layihə hazırlanır

Odlar.media xəbər verir ki, Azərbaycanın media tarixində əlamətdar hadisələrdən biri olan Azərbaycan Radiosunun müntəzəm yayıma başlamasının 100, Azərbaycan Televiziyasının isə 70 illiyi yaxınlaşır. Bu münasibətlə Azərbaycan Televiziyası (AzTV) silsilə yubiley tədbirləri və xüsusi layihələr üzərində hazırlıq işləri aparır.
Bu barədə Əməkdar jurnalist, professor Qulu Məhərrəmli sosial media hesabında paylaşım edib.
Professor bildirib ki, yubileylərlə əlaqədar AzTV-də bir sıra maraqlı layihələr hazırlanır. Onun sözlərinə görə, ən diqqətçəkən və yüksək peşəkarlıqla yanaşı, böyük məsuliyyət tələb edən layihələrdən biri qurumun bədii rəhbəri, tanınmış rejissor Mehriban Ələkbərzadə tərəfindən həyata keçiriləcək.
Qulu Məhərrəmli qeyd edib ki, layihə ilə bağlı Mehriban Ələkbərzadə ilə geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı təkcə yeni layihənin yaradıcı istiqamətləri deyil, həm də Azərbaycan teleradiosunun keçdiyi tarixi yol, milli efir məkanının formalaşması və bu sahəyə dair bir sıra maraqlı məqamlar da nəzərdən keçirilib.
Qeyd edək ki, Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da müntəzəm yayıma başlayıb. Azərbaycan Televiziyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxaraq ölkənin informasiya və mədəni həyatında yeni mərhələnin əsasını qoyub. Bu iki media qurumu uzun illər ərzində Azərbaycanın ictimai-siyasi, mədəni və mənəvi həyatının salnaməsini yaradan əsas informasiya platformalarından biri kimi fəaliyyət göstərib.

 

Mənbə: Odlar.media