Odlar.media xəbər verir ki, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda saxlanıldıqdan sonra ölkəmizə ekstradisiya olunub.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törətməkdə ittiham olunan şəxslərin saxlanılması və Azərbaycana gətirilməsi istiqamətində əməkdaşlıq tədbirləri davam etdirilir.
Məlumata əsasən, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Monteneqroda müəyyən edilən Azərbaycan vətəndaşı Süleymanov Hidayət Nemət oğlu iyulun 29-da Azərbaycana ekstradisiya edilib.
Qeyd olunub ki, o, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqda, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham olunur.
Baş Prokurorluğun ekstradisiya sorğusu və aparılan danışıqlar nəticəsində Monteneqro tərəfi həmin şəxsin Azərbaycana təhvil verilməsinə razılıq verib. Ədliyyə Nazirliyinin məlumatında bu addımın iki ölkə arasında hüquqi əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdiyi vurğulanıb.
Süleymanov Hidayət Nemət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq Baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən Bakıya gətirilib. Məhkəmənin həbs qərarına uyğun olaraq o, müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi bildirib ki, beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəyə ekstradisiya olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
