Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Biləsuvar rayonunda III “İti dəryaz” otbiçmə yarışı təşkil olunub.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, rayon ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə yaradılmış “Zəfər Parkı”nda keçirilən yarışda rayonun müxtəlif kəndlərini təmsil edən 15 komandanın tərkibində ümumilikdə 30 nəfər dəryazçı öz bacarığını nümayiş etdirib.
Artıq üçüncü ildir təşkil olunan “İti dəryaz” otbiçmə yarışı Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və təbliği, kənd təsərrüfatı ənənələrinin yaşadılması, eləcə də milli dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirakçılara uğurlar arzulayaraq bildirib ki, dəryazla ot biçmək xalqımızın zəngin kənd təsərrüfatı ənənələrinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, bu cür yarışlar qədim peşə vərdişlərinin yaşadılmasına, gənc nəslin milli irsə bağlılığının möhkəmləndirilməsinə və fiziki əməyə marağın artırılmasına xidmət edir.
Qeyd olunub ki, yarışlar eyni zamanda gənclər arasında fiziki aktivliyin təşviqinə, komanda ruhunun formalaşmasına və cəmiyyətdə həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.
Daha sonra iştirakçılar arasında otbiçmə yarışı keçirilib. Münsiflərin qərarına əsasən, I yerə Təzəkənd kəndinin, II yerə Əsgərabad kəndinin, III yerə isə Yuxarı Cürəli kəndinin komandası layiq görülüb. Çaylı kəndinin komandası isə həvəskar komanda nominasiyası üzrə Fəxri Fərmanla təltif olunub.
Yarışın keçirilməsinə “Karvan” restoranı və “İrşad” şirkəti də dəstək göstərib.
Tədbir iştirakçılarının xatirə şəkli çəkdirməsi ilə başa çatıb.



Mənbə: Odlar.media
