Odlar.media xəbər verir ki, yumşaq, həcimli və uzun müddət təzə qalan keks hazırlamağın sirri kimi gözlənilməz bir inqrediyent – bişmiş kartof göstərilir.
Mətbəx mütəxəssislərinin sözlərinə görə, bişirilərək püre halına salınmış orta ölçülü bir kartof keks xəmirinə əlavə edildikdə onun nəmlik balansını qoruyur. Bu isə keksin sobada daha yaxşı qabarmasına, yumşaq tekstura almasına və ertəsi gün də təzəliyini saxlamasına kömək edir. Bildirilir ki, kartof keksin dadına və ya qoxusuna təsir göstərmir.
Xüsusilə şokoladlı və kakaolu kekslərdə bu üsul daha uğurlu nəticə verir. Bundan əlavə, xəmiri sobaya qoymazdan əvvəl təxminən dörddəbir stəkan qaynar su əlavə etmək kakaonun rəngini daha parlaq edir və keksin daha yaxşı qalxmasına şərait yaradır.
Mütəxəssislər qeyd edirlər ki, uğurlu nəticə əldə etmək üçün istifadə olunan yumurta, süd və yağ əvvəlcədən otaq temperaturuna gətirilməlidir. Soyuq məhsullar xəmirin homogen qarışmasına mane olur və qabarma prosesinə mənfi təsir göstərir.
Həmçinin yumurta və şəkər qarışığı rəngi açılıb həcmi ikiqat artana qədər çalınmalıdır. Daha yüngül və süngərvari tekstura əldə etmək üçün yumurta ağını ayrıca köpük halına gətirib xəmirə son mərhələdə əlavə etmək tövsiyə olunur.
Unun ən azı iki dəfə ələnməsi də vacib hesab edilir. Bu üsul xəmirin daha havalı olmasına kömək edir və keksin teksturasını yaxşılaşdırır.
Sonda isə vurğulanır ki, un əlavə edildikdən sonra mikserdən istifadə edilməməlidir. Xəmir spatula ilə aşağıdan yuxarıya doğru yüngül hərəkətlərlə qarışdırılmalıdır. Bu, xəmirin içindəki havanı qoruyaraq keksin daha yumşaq və həcimli alınmasını təmin edir.
