Odlar.media xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində dənizdə nəzarətsiz ərazilərdə çimən iki nəfər batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə ilə bağlı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunublar.
Operativ həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda, 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu isə H.Z.Tağıyev qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 300 metr aralıda təhlükəsiz şəkildə xilas edilərək sahilə çıxarılıblar.
FHN vətəndaşlara bir daha müraciət edərək yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyi, xəbərdarlıq nişanlarına və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
