Odlar.media xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik inflyasiya 5,7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 6,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,7 faiz artıb.
Bildirilib ki, 2025-ci ilin iyun ayı ilə müqayisədə illik inflyasiya 5,8 faiz olub. Eyni zamanda, 2026-cı ilin iyun ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz azalıb.
İyun ayında əvvəlki ayla müqayisədə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz ucuzlaşıb. Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə həmin məhsulların qiymətləri 7,1 faiz bahalaşıb.
Hesabat ayı ərzində qarabaşaq yarması, toyuq əti, yoğurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağbaş kələm, soğan, qazlı və qazsız suyun qiymətlərində artım qeydə alınıb. Əksinə, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yaşıl lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişiklik müşahidə edilməyib.
Qeyri-ərzaq məhsulları arasında boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonlar bahalaşıb. Məişət texnikası və zərgərlik məmulatlarının qiymətlərində isə azalma qeydə alınıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Komitənin məlumatına əsasən, 2026-cı ilin iyun ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 5,6 faiz artıb.
Bundan əlavə, iyun ayında beynəlxalq sərnişin hava daşımaları və ölkədaxili turizm turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində isə ciddi dəyişiklik qeydə alınmayıb.
