Odlar.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Suriyanın informasiya naziri Xalid Favaz Zaarur və nazir müavini Məhəmməd Tafran ilə görüş keçirib.
Görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iki ölkə liderlərinin görüşləri və Suriya Prezidentinin Azərbaycana səfəri əlaqələrin inkişafına mühüm töhfə verib. Tərəflər informasiya və media sahəsində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.
Hikmət Hacıyev suriyalı nazirə Şuşa Qlobal Media Forumunda iştirakına görə təşəkkür edib. O qeyd edib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək və təşkilatın Zirvə görüşünə ev sahibliyi edəcək. Prezidentin köməkçisi bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin toplantısının da Azərbaycanda keçiriləcəyini bildirərək, Xalid Favaz Zaaruru həmin tədbirə dəvət edib.
Görüş zamanı mədəni-humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub. ISESCO xətti ilə Azərbaycanın Suriyada məktəblərin təmiri və bərpasına verdiyi dəstək yüksək qiymətləndirilib və bunun iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi olduğu qeyd edilib.
Tərəflər, həmçinin Azərbaycanın Suriyanın siyasi birliyinə, ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiriblər.
