🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlanılır

Odlar.media xəbər verir ki, Özbəkistan Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlayır.
Bu barədə “Report”a müsahibəsində Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev məlumat verib.
Onun sözlərinə görə, ümumi dəyəri 84,3 milyon ABŞ dolları olan layihə “Azermash CP” və “Uzavtosanoat” SC tərəfindən həyata keçirilir. Nazir müavini bildirib ki, layihə üzrə əsas hazırlıq işləri artıq tamamlanıb, təchizatçılar müəyyənləşdirilib, texnoloji avadanlıqların və istehsal xətlərinin sifarişi verilib.
Yeni istehsal kompleksində ilk növbədə “Chevrolet Cobalt” modelinin istehsalı təşkil ediləcək. Müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır. Bundan sonra istehsal iriqovşaqlı yığımdan tam sənaye dövriyyəsinə keçiriləcək ki, bu da istehsal gücünün artırılmasına və model çeşidinin genişləndirilməsinə imkan yaradacaq.
Xurram Teşabayev vurğulayıb ki, Hacıqabulda həyata keçirilən avtomobil istehsalı layihəsi Azərbaycan və Özbəkistan arasında sənaye əməkdaşlığının ən uğurlu nümunələrindən biridir. Onun sözlərinə görə, 2022-ci ildə “Chevrolet” minik avtomobillərinin və “Isuzu” avtobuslarının iriqovşaqlı yığımına başlanılması layihənin yüksək potensialını nümayiş etdirib və növbəti mərhələyə keçid üçün möhkəm zəmin formalaşdırıb.
Nazir müavini qeyd edib ki, ikinci mərhələnin əsas məqsədi istehsalın lokallaşdırma səviyyəsini mərhələli şəkildə artırmaqdır. Bu çərçivədə Azərbaycanda istehsal olunan komponentlərin istifadəsinin genişləndirilməsi, yerli təchizatçılar şəbəkəsinin formalaşdırılması və daha mürəkkəb texnoloji proseslərin mənimsənilməsi nəzərdə tutulur. Bunun ölkədə əlavə dəyərin artırılmasına, əlaqəli sənaye sahələrinin inkişafına və müasir avtomobil istehsalı ekosisteminin formalaşmasına mühüm töhfə verəcəyi bildirilir.
Qeyd edək ki, bu günədək Hacıqabulda fəaliyyət göstərən müəssisədə 9 mindən çox avtomobil yığılıb.