🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Trampın Ankara proqramı açıqlanıb: Zelenski və Əl Şaraa ilə görüşlər planlaşdırılır

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO Liderlər Zirvəsi çərçivəsində Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Ağ Evin yaydığı məlumata görə, Donald Tramp zirvə proqramı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Əl Şaraa ilə ikitərəfli görüşlər keçirəcək.

Bildirilib ki, ABŞ prezidentini Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayacaq. Tramp NATO liderlərinin şam yeməyində, zirvə toplantısında və ənənəvi ailə fotosunda iştirak edəcək.

Ağ Evin açıqlamasında qeyd olunub ki, Donald Tramp və Volodimir Zelenski arasında keçiriləcək görüşdə əsas müzakirə mövzusu Ukraynada müharibənin dayandırılması və münaqişənin diplomatik yollarla həlli olacaq. Eyni zamanda, Vaşinqtonun həm Rusiya, həm də Ukrayna ilə təmasları davam etdirdiyi və Trampın vasitəçilik səylərini sürdürdüyü vurğulanıb.

Məlumata görə, NATO Liderlər Zirvəsində İranla bağlı regional təhlükəsizlik riskləri, dəniz ticarət marşrutlarının qorunması, Alyansın müdafiə xərcləri və üzv dövlətlər arasında yük bölgüsü məsələləri də müzakirə olunacaq.

Bundan əlavə, zirvə çərçivəsində ABŞ müdafiə sənayesi ilə bağlı yeni əməkdaşlıq sazişlərinin və milyardlarla dollar dəyərində müdafiə layihələrinin elan edilə biləcəyi bildirilib.