🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:35   •   🌡️ Bakı

Paşinyan: Ermənistan Aİ-yə inteqrasiya kursundan geri çəkilməyəcək

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2013-cü ildə olduğu kimi, Avropa İttifaqı ilə yaxınlaşma siyasətindən imtina edərək Avrasiya İqtisadi İttifaqına inteqrasiya kursunu seçməsinin artıq mümkün olmadığını bəyan edib.
“Newsarmenia”nın məlumatına görə, Baş nazir bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Paşinyan bildirib ki, 2013-cü ildə Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanmasına dair razılaşdırılmış prosesdən qısa müddət ərzində imtina edərək Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına yönəlməsi kimi bir ssenarinin təkrarlanması istisna olunur.
“Bu sualın qısa və konkret cavabı budur: bəli, belə bir ssenarini istisna edirəm. Bu, artıq mümkün deyil. Xüsusilə də nəzərə alsaq ki, Ermənistan xalqı respublikanın həyata keçirdiyi siyasətə, o cümlədən balanslaşdırılmış xarici siyasət kursuna açıq şəkildə dəstək nümayiş etdirib”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir, həmçinin Ermənistanın Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyətində olmadığını bildirib.
“Biz daha əvvəl də bəyan etmişik ki, Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə böhran yaratmaq məqsədi güdməmişik, indi də belə bir məqsədimiz yoxdur və gələcəkdə də olmayacaq. Biz dövlətimizin maraqları çərçivəsində fəaliyyət göstəririk və beynəlxalq tərəfdaşlarımızın maraqlarını da nəzərə alırıq. Bununla yanaşı, heç bir tərəfdaşın maraqları Ermənistan Respublikasının milli maraqlarından üstün tutula bilməz. Hesab edirəm ki, bu, istənilən dövlət üçün məqbul və məntiqli yanaşmadır”, – deyə Paşinyan əlavə edib.