Odlar.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən “LUKOYL-Nijeqorodnefteorqsintez” neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hücum nəticəsində müəssisənin ərazisində güclü yanğın baş verdiyi bildirilib.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Məlumata əsasən, əməliyyat çərçivəsində Rusiya ordusunun digər hərbi obyektləri də hədəfə alınıb.
Belə ki, Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətində Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarı, Xarkov vilayətində yerləşən komanda-müşahidə məntəqəsini, həmçinin Luqansk vilayətinin Stanitsa Luqanska rayonu yaxınlığında hərbi logistika məqsədilə istifadə olunan dəmir yolu körpüsünü də vurub.
Ukrayna tərəfi həyata keçirilən zərbələrin Rusiya ordusunun hərbi-logistik imkanlarının zəiflədilməsinə yönəldiyini vurğulayıb.
