🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Talantbek Taşibekov: Türk dövlətləri arasında təcrübə mübadiləsi strateji əhəmiyyət daşıyır

Odlar.media xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi zəruridir.
Bu fikirləri Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşa şəhərində keçirilən Birinci görüşündə çıxışı zamanı səsləndirib.
Talantbek Taşibekov bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı şəraitində türk dövlətləri arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti daha da artır.
Onun sözlərinə görə, müxtəlif qlobal tendensiyalar qarşılıqlı maraq doğuran məsələlər üzrə təcrübə mübadiləsini və əlaqələndirilmiş yanaşmaların formalaşdırılmasını zəruri edir:
“Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi xüsusi aktuallıq kəsb edir. Ölkələrimizi ortaq tarixi köklər, mədəni yaxınlıq, eləcə də sülhün, sabitliyin və sosial harmoniyanın qorunması istiqamətində ortaq məqsədlər birləşdirir”, – deyə o vurğulayıb.
Qırğızıstan rəsmisi qeyd edib ki, dövlətlərin inkişafı üçün strateji əhəmiyyət daşıyan əsas resurslardan biri gənclərdir və bu sahəyə xüsusi diqqət ayrılmalıdır.
“Təhsil mübadiləsi, elmi əməkdaşlıq və mədəni qarşılıqlı əlaqələr üçün imkanların yaradılması Türk dünyasının gənc nəsilləri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, eləcə də davamlı humanitar əlaqələrin formalaşmasına mühüm töhfə verəcək”, – deyə Talantbek Taşibekov əlavə edib.