🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:49   •   🌡️ Bakı

Bəyimxanım Vəliyeva: “Məni ilk dəfə televiziya muğam müsabiqəsi tanıtdı”

Odlar.media xəbər verir ki, Əməkdar artist Bəyimxanım Vəliyeva sənət yolunun başlanğıcı, muğam təhsili və yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələləri barədə danışıb.
Sənətçi bildirib ki, musiqiyə marağı hələ uşaqlıq illərində formalaşıb. Beş yaşında Uşaq Filarmoniyasına qəbul olunan Bəyimxanım Vəliyeva ilk muğam dərslərini Zabit Məmmədovdan alıb. O, məktəb illərində iştirak etdiyi muğam müsabiqələrində dəfələrlə Qran-pri, eləcə də II və III yerlərə layiq görüldüyünü qeyd edib.
Xanəndənin sözlərinə görə, müsabiqələr zamanı Yaqub Məmmədov, Sara Qədimova, Tükəzban İsmayılova, İslam Rzayev və Əlibaba Məmmədov kimi sənət korifeylərinin tövsiyələri onun yaradıcılıq yolunda mühüm rol oynayıb. Məhz onların məsləhəti ilə o, üçüncü sinifdən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil almağa başlayıb və sonradan həm həmin məktəbdə, həm də Milli Konservatoriyada mərhum Xalq artisti Ağaxan Abdullayevin tələbəsi olub.
Bəyimxanım Vəliyeva qeyd edib ki, həm muğam, həm də bəstəkar mahnıları sahəsində fəaliyyət göstərməsi uzun illər ərzində qazandığı təcrübənin nəticəsidir. O, Faiq Sücəddinov, Cavanşir Quliyev və Vaqif Gərayzadə kimi bəstəkarların əsərlərini ifa etdiyini, sonradan isə Ruslan Səfəroğlunun təklifi ilə səsləndirdiyi “Yollara yağış yağır” mahnısının yaradıcılığında dönüş nöqtəsinə çevrildiyini vurğulayıb.
Sənətçi 2005-ci ildə keçirilən ilk televiziya muğam müsabiqəsini də xatırladıb. O bildirib ki, əvvəlcə müsabiqəyə qatılmaq istəməsə də, sonradan sənədlərini təqdim edib və seçim mərhələlərini uğurla keçərək canlı yayımlara vəsiqə qazanıb. Bununla belə, tamaşaçı səsverməsinin nəticələrinə əsasən dördüncü həftədə müsabiqəni tərk edib.
Bəyimxanım Vəliyevanın sözlərinə görə, məhz həmin televiziya layihəsi onun daha geniş auditoriya tərəfindən tanınmasına və yaradıcılığında yeni mərhələnin başlanmasına səbəb olub.

 

Odlar.media