Odlar.media xəbər verir ki, Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq, Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə bağlı ölkə müsəlmanlarına müraciətində bildirilib.
Müraciətdə qeyd olunub ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura günlərində dini mərasimlərin İslam dəyərlərinə uyğun şəkildə təşkili vacibdir.
Qazılar Şurası dindarlara xatırladıb ki, müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağa qədər soyunaraq sinə vurmaq kimi əməllər din baxımından qəbulolunmazdır.
Bildirilib ki, qazılar və imamlar “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinə uyğun olaraq dini mərasimləri məscidlərdə, ziyarətgahlarda və onlara aid ərazilərdə keçirməlidirlər.
Müraciətdə vurğulanıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə zidd şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributlardan istifadə, küçə yürüşlərinin təşkili və ictimai asayişin pozulması yolverilməzdir.
Qeyd olunub ki, Məhərrəm ayında həyata keçirilən mühüm tədbirlərdən biri də qanvermə aksiyalarıdır. Bu il də humanist ənənənin davam etdirilməsi məqsədilə paytaxtda və bölgələrdə yerləşən qan banklarında, eləcə də digər səhiyyə müəssisələrində ehsan niyyəti ilə qanvermə aksiyalarının keçirilməsi nəzərdə tutulur.
Aksiyalar nəticəsində minlərlə xəstəyə, o cümlədən irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərilməsi planlaşdırılır. Qanvermə məntəqələrinin ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi səhifəsində paylaşılacaq.
