Odlar.media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) keçirdiyi müsabiqənin nəticələrinə əsasən, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən Buzovna və Maştağa qəsəbələri istiqamətində fəaliyyət göstərən 107 və 107A nömrəli müntəzəm marşrut xətlərində avtobus parkı yenilənir.
Məlumata görə, iyunun 3-dən etibarən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir və daha komfortlu avtobuslarla xidmət göstəriləcək.
Yeni avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Marşrutlar üzrə gedişhaqqı 0,65 manat müəyyən olunub.
AYNA bildirib ki, vətəndaşların rahatlığının artırılması, təhlükəsizliyin təmin edilməsi və sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.
Qurumun həyata keçirdiyi tədbirlər paytaxt və şəhərətrafı ərazilərdə ictimai nəqliyyat xidmətlərinin daha müasir standartlara uyğunlaşdırılmasına xidmət edir.
Mətndə adı çəkilən qurum: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi.
