Odlar.media xəbər verir ki, iyunun 15-də nadir astronomik hadisə hesab edilən “Super Təzə Ay” (Super New Moon) müşahidə olunacaq.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib. Bildirilib ki, hadisə Ayın həm Təzə Ay fazasına düşməsi, həm də Yerə ən yaxın məsafə nöqtəsi olan perigeyə yaxınlaşması ilə əlaqədardır.
Məlumata əsasən, Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək və bu zaman Yerə olan məsafə 357 195 kilometr təşkil edəcək. Daha sonra saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey və Təzə Ay arasında təxminən 3 saat 37 dəqiqəlik zaman fərqi olduğu üçün bu hadisə “Super Təzə Ay” kimi xarakterizə edilir.
Qeyd olunur ki, Təzə Ay zamanı Ay Yer ilə Günəş arasında yerləşdiyindən onun işıqlanan tərəfi Yerə əks istiqamətə düşür və səma üzərində görünmür. Buna baxmayaraq, bu mərhələ astronomik müşahidələr üçün xüsusilə əlverişli hesab olunur, çünki gecə səması daha qaranlıq olur və zəif səma obyektlərini görmək mümkün olur.
Mütəxəssislər həmçinin bildirirlər ki, Ayın elliptik orbiti səbəbindən onun Yerə olan məsafəsi daim dəyişir. Perigeydə yaxınlaşma və Təzə Ay fazasının üst-üstə düşməsi nəticəsində “Super Təzə Ay” hadisəsi yaranır. Bu zaman Ay vizual olaraq görünməsə də, onun və Günəşin cazibə qüvvələrinin təsiri ilə okeanlarda qabarma və çəkilmə proseslərinin güclənməsi müşahidə oluna bilər.
Məlumatı Publika.az yayıb, BDU-nun Astrofizika kafedrasının açıqlamasına istinad edilib.
