Odlar.media xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova “Öz aramızda” proqramında çıxış edərək efir mədəniyyəti və ifaçılıq məsuliyyəti barədə fikirlərini bölüşüb.
Sənətçi bildirib ki, əvvəllər televiziya, radio və studiya mühitində tamaşaçıya olan hörmət daha güclü hiss olunurdu:
“Əvvəl televiziyaya çıxanda, radioda olanda, studiyada mahnı yazdıranda bilirdik ki, tamaşaçı bizi dinləyir. Ona hörmət edirdik. Anlayırdıq ki, tamaşaçının intellektual səviyyəsi var və onun qarşısında zəif ifa etmək olmaz”, – deyə o qeyd edib.
Dadaşova vurğulayıb ki, efirə çıxan hər bir sənətçi seçdiyi ifaya və ümumilikdə təqdimatına görə məsuliyyət daşıyır:
“Düzgün ifa etmək lazımdır. Elə mahnı seçməlisən ki, tamaşaçıya hörmətin görünsün. Musiqi savadı, davranış və danışıq vacibdir. Efirə çıxırıqsa, xalqın qarşısında məsuliyyət daşıyırıq”, – deyə Xalq artisti bildirib.
O, həmçinin qeyd edib ki, bu gün də peşəkar bəstəkarlar və şairlər var və səhnəyə çıxan ifaçılar buna uyğun seçim etməlidirlər:
“Səhnəyə çıxan insanın savadı və hazırlığı olmalıdır”, – deyə o əlavə edib.
Odlar.media
