🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 18:22   •   🌡️ Bakı

İradə Əlilinin “Ay sarı yarpaq” adlı şeiri

 

Pəncərəmə düşən ay sarı yarpaq,
Bilirsən, nələri yadıma saldın.
Yalançı sevgimin şahidi olan,
Payızı düşünüb xəyala daldım.

Niyə pəncərəmə sən düşdün, niyə,
Oyandı qəlbimdə uyuyan dərdim.
Necə qıydın kədər qəddimi əyə
Sevgidən son xəzan gülünü dərdim.

Mənim taleyim də bir sarı yarpaq
Qismətimə düşən alın yazımdır,
Sevdim, elə sevdim, bilmədim ancaq,
Bu sevgi saralan son payızımdır.

Keçmişin dönməyən xatirələri,
Yağmurdan bulanan bir çay kimidir.
Sözümü bitirər, ancaq qəlbimin
Ağlayan həsrətli, qəmli simidir.

Ümidim daş olub yolumun üstə
Gedəni, gələni görünməz daha.
Bir ömür bəslədim göz yaşlarımla
Daha göyərmədi, göyərməz daha.

 

Mənbə: Azərbaycan.media