🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:43   •   🌡️ Bakı

Aleksandr İsak İsveçdə İlin Ən Yaxşı Futbolçusu Seçilib

Azərbaycan.media xəbər verir ki, İngiltərənin “Liverpul” klubunun hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb.

 Mükafat futbolçuya İsveç Futbol Assosiasiyası və “Aftonbladet” qəzetinin birgə əməkdaşlığı çərçivəsində təqdim olunub.

Bildirilib ki, 2025-ci ildə 26 yaşlı Aleksandr İsak “Nyukasl”, “Liverpul” və İsveç milli komandasında ümumilikdə 42 oyunda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, mükafat uğrunda mübarizədə “Arsenal”ın hücumçusu Viktor Dyekereşi geridə qoyub.

Qeyd edək ki, Aleksandr İsak bu ilin sentyabrında 145 milyon avro qarşılığında “Nyukasl”dan “Liverpul”a transfer olunub. O, cari mövsüm “mersisaydlılar”ın heyətində bütün turnirlər üzrə 15 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.