XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:11:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Səfər Rzasoylunun “Payız” şeiri

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Mən hansı ağacın yanına qaçım?
Hər ağac altında sən ağlayırsan…

PAYIZ… SƏN… PAYIZ…
Ağaclar yandırır yarpaqlarını
Baharın vəfasız məktublarıtək.
Çinarlar oxunmur,
Varaqlarını
itirmiş min ilin kitablarıtək…
Əsir, o şəhərdən küləklər əsir…
Payızlar üstünə dağılır saçın,
Küləklər içindən sən çağırırsan.
Mən hansı ağacın yanına qaçım,
Hər ağac altında sən ağlayırsan…

Əsir o şəhərdən küləklər əsir….
Yağışı, yarpağı, buludlarıyla,
Öz ögey, öz doğma adamlarıyla,
Tanrım, bəlkə onun addımlarıyla
Əsir, o şəhərdən Küçələr əsir
Pəncərəm gözümə inanmasa da…
Bəlkə də bu külək Səs yağışıdı –
Geyinir bu şəhər Səs yağışında
O uzaq şəhərin küçələrini,
Tini, döngəsini, gecələrini,
Evi, pəncərəsi, işıqlarını,
Küləyi, buludu, yağışlarını –
Sənin şəhərinə dönür bu şəhər
Əsir o şəhərdən Gecələr əsir…

Əsir bu şəhərə durna səsləri
Tökülən yarpağı öz teli bilir.
Ağaclar utanır çılpaqlığından –
Düşən axşamları təsəlli bilir.

Əsir o şəhərdən küçələr… məni
Bəlkə tanrıdan çox sən saxlayırsan.
Mən hansı ağacın yanına qaçım?
Hər ağac altında sən ağlayırsan…

Əsir o şəhərdən gecələr əsir,
Əsir o şəhərdən kölgələr əsir…
İlahi, onun da pəncərəsinə
Bəlkə bu şəhərdən küləklər əsir.

 

Müəllif: Səfər Rzasoylu

Mənbə: Azərbaycan.media 

Etiketlər: