🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 09:11   •   🌡️ Bakı

Vasif Süleymanın şeiri

QƏDƏR

Hər şey gözəliydi, nə varıydısa,
Köksümə vurduğu yaraya qədər.
Bu ömrün əzəldən bəllidi rəngi,
Qaradan başlayıb qaraya qədər.

Tanrım, bu sevgidir, rəhm eylə bir az,
Bir addım ataqmı, olmaz ki, olmaz…
Vermisən dərdini, dərmanını yaz,
Ya qismət… Tapılan çaraya qədər…

İnsanlar, olanı danımmı, – sordum,
O qədər çəkdim ki, həsrəti yordum.
Ürək deyilənin qəsdinə durdun,
Qalmadı bütövdən-paraya qədər.

Bir dəli sevgiyə bu dünya darsa…
Haqqı var, köksümü-könlümü yarsa,
Allah ümidinə qalsın, nə varsa,
Qoy getsin, gedəcək haraya qədər…

Mənbə: Azərbaycan.media