🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 18:17   •   🌡️ Bakı

Şahnaz Şahinin şeiri

Vay tüstüsüz bacaların halına

Vay tüstüsüz bacaların halına
Əlləri yanına düşür gecələr.
Büzüşür, kiçilir hirsli baxışdan
Səbrinə bir kərpic basır gecələr.

Nə bir adamı var ocaq qalaya
Nə bir canı yanan, telin daraya.
O nəhəng saraya, o daş barıya
Dırmaşıb özünü asır gecələr.

Gedənlər getdilər, qalan sağ olsun
Ruhu azad olsun, nəfsi tox olsun.
Qara bacaların üzü ağ olsun
Ağappaq talelər yazır gecələr.

 

 

Müəllif: Şahnaz Şahin

 

Mənbə: Azərbaycan.media